Almaniya kansleri Fridrix Merz ABŞ-ın İran rejimi tərəfindən alçaldıldığını bildirdikdən sonra ABŞ prezidenti Donald Trampla münasibətlərinin yaxşı olduğunu bildirib və əlavə edib: “Əvvəldən İranla müharibəyə başlamaq barədə şübhə ilə yanaşırdım və bunu dilə gətirmişdim”.
izmedia.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz hökumətin səhiyyə islahatı ilə bağlı qərarları barədə keçirilən mətbuat konfransında çıxış edib. Kanslerlikdə keçirilən mətbuat konfransında Merzə ABŞ-a qarşı sərt sözləri ilə bağlı sual ünvanlanıb.
“Son həftələrdə ABŞ prezidenti Donald Trampa qarşı mövqeyinizi xeyli sərtləşdirdiniz. Trampla əməkdaşlıq münasibətləri qurmaq ümidinizi itirdinizmi? Bu, transatlantik münasibətlər üçün nə deməkdir?” sualına Almaniya kansleri belə cavab verib:
“ABŞ prezidenti ilə şəxsi münasibətlərim, ən azı mənim nöqteyi-nəzərimdən, dəyişməz olaraq qalır və yaxşıdır. İranla müharibəyə başlamaq barədə əvvəldən yalnız şübhə ilə yanaşmışam və bunu ifadə etmişəm.”
“BU MÜNAQİŞƏNİN HƏLLİNDƏ TƏKRAR EDİRƏM”
Merz sözünə davam edərək deyib: “Almaniya və bütövlükdə Avropa, məsələn, Hörmüz boğazının bağlanmasının nəticələrindən ciddi şəkildə əziyyət çəkir. Bunun enerji təchizatımıza birbaşa təsiri var. Bu, performansımıza əhəmiyyətli dərəcədə təsir göstərir və bu baxımdan mən bu münaqişənin həllini vacib hesab edirəm. Hələ də bir-birimizlə yaxşı müzakirələr aparırıq.”
Merz, xarici işlər naziri Yohann Vadefulun Birləşmiş Millətlər Təşkilatının (BMT) görüşləri çərçivəsində Nyu-Yorkda ABŞ hökumət rəsmiləri ilə müxtəlif görüşlər keçirdiyini də qeyd edərək deyib:
“Beləliklə, biz hələ də amerikalılarla danışırıq”.
NƏ BAŞ VERDİ?
Bazar ertəsi səhəri Baş nazir Merz Şimali Reyn-Vestfaliyadakı bir orta məktəbə baş çəkərkən şagirdlər qarşısında demişdi: “ABŞ İran rejimi tərəfindən alçaldılır və kiçildilir”. Bu açıqlamanın nəticələri hələ də müzakirə olunur.
Həmin axşam Merz ABŞ və İsrailin İrana qarşı yanaşmasından məyus olduğunu bildirərək deyib: “ABŞ və İsrail əvvəldən bu problemin bir neçə günə həll olunacağını düşünürdülər və indi bunun baş vermədiyini qəbul etməlidirlər. Buna görə də avropalılar olaraq diplomatik həll yoluna töhfə vermək istəyirik”.
ABŞ prezidenti Donald Tramp da Almaniya kansleri Fridrix Merzə sosial media hesabı vasitəsilə cavab verib. Tramp bildirib: “Almaniya kansleri Fridrix Merz İranın nüvə silahına sahib olmasının normal olduğunu düşünür. O, nədən danışdığını bilmir. Almaniyanın həm iqtisadi, həm də digər sahələrdə bu qədər pis vəziyyətdə olması təəccüblü deyil.”
![]()
