“Əl-Cəzirə”nin məlumatına görə, ABŞ 2,8 milyard dollar dəyərində aviasiya avadanlıqlarını itirib. Bu barədə Vaşinqtonda yerləşən beyin mərkəzlərinin hesabatlarına istinad edilib.
Martın 26-da keçirilən kabinet iclasında çıxış edən ABŞ müdafiə naziri ölkənin İrana qarşı davam edən müharibədə əldə etdiyi hərbi nəticələrdən danışaraq bildirib: “Tarixdə heç vaxt heç bir ölkənin ordusu bu qədər tez və effektiv şəkildə zərərsizləşdirilməyib”.
Növbəti gün İranın Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazasına raket və dronlarla hücum etdiyi, nəticədə bir neçə amerikalı hərbçinin yaralandığı və 700 milyon dollarlıq radar müşahidə təyyarəsinin məhv edildiyi bildirilib.
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, İran raketləri və dronları, eləcə də “dost atəşi” nəticəsində ABŞ-a məxsus 2,3 milyard dollardan 2,8 milyard dollara qədər hərbi texnika zədələnib və ya məhv edilib.
Hesabatda qeyd olunur ki, bu qiymətləndirmə CSIS-in Müdafiə və Təhlükəsizlik Bölməsinin baş məsləhətçisi Mark Kançian tərəfindən hazırlanıb və müharibədə ABŞ itkilərinə dair ilk geniş analitik hesablamalardan biri hesab olunur.
Eyni zamanda bildirilir ki, hesablamalara regiondakı ABŞ bazaları və bəzi xüsusi hərbi obyektlər tam daxil edilməyib. Planet Labs şirkətinin peyk görüntülərinə çıxışın məhdudlaşdırıldığı, İranla bağlı görüntülərin isə açıq qaldığı qeyd olunur.
Hesabata görə, bəzi itkilər “dost atəşi” nəticəsində baş verib, o cümlədən martın əvvəlində Küveytdə üç F-15 qırıcısının zədələndiyi bildirilir.
İtkilərin əsas hissəsinin isə İran tərəfindən həyata keçirilən zərbələr nəticəsində baş verdiyi iddia olunur. Xüsusilə martın 1-də ABŞ-ın raketdən müdafiə sistemlərindən biri olan THAAD radarının zədələndiyi, bəzi məlumatlara görə isə iki radar sisteminin sıradan çıxdığı qeyd edilir. Zərərin ümumi həcminin 485 milyon dollardan 970 milyon dollara qədər olduğu bildirilir.
İzmedia.az
![]()

