ABŞ mediası İranın hücumları nəticəsində Yaxın Şərqdəki ən azı 16 ABŞ bazasının zədələndiyini bildirib.
İzmedia.az xəbər verir ki, ABŞ-nin CNN telekanalının apardığı son araşdırma ABŞ və İran arasında artan gərginliyin Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə ciddi təsir göstərdiyini ortaya çıxarıb.
Məlumata görə, peyk görüntüləri, zərərin qiymətləndirilməsi hesabatları və ABŞ ilə Körfəz regionundan olan mənbələrə istinad edən araşdırma 28 fevraldan bəri İranın hücumları nəticəsində regiondakı ən azı 16 ABŞ hərbi bazasının müxtəlif dərəcələrdə zərər gördüyünü iddia edir.
Hesabatda bəzi obyektlərdə ciddi əməliyyat ziyanı yarandığı və bir sıra infrastrukturun istifadəyə yararsız hala düşdüyü qeyd olunur. Hücumların əsasən radar sistemləri, rabitə infrastrukturu, raketdən müdafiə vasitələri və bölgədə yerləşdirilən hərbi avadanlıqlara yönəldiyi bildirilir.
İddialara görə, zərər görən sistemlər arasında İordaniyada yerləşən THAAD raket müdafiə batareyalarına bağlı radarlar və Birləşmiş Ərəb Əmirliklərindəki bəzi hərbi obyektlər də var.
CNN həmçinin bildirir ki, Səudiyyə Ərəbistanında yerləşən hava bazalarından birinə edilən hücum zamanı ABŞ-yə məxsus Boeing E-3 Sentry erkən xəbərdarlıq təyyarəsinin məhv edildiyi iddia olunur.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri ötən həftə Konqresdə verdikləri açıqlamada İranla bağlı əməliyyatların ümumi xərclərinin təxminən 25 milyard dollar olduğunu bildiriblər.
Lakin CNN və CBS News da daxil olmaqla bir sıra ABŞ mediası münaqişənin ümumi dəyərinin ən azı 50 milyard dolları keçdiyini iddia edir.
![]()
