İzmedia.az xəbər verir ki, Almaniyanın Saksoniya vilayətinin hakimiyyəti Leypsiqdə piyadaların üzərinə avtomobil sürülməsini qəsdən törədilmiş hücum kimi qiymətləndirib.
Son məlumata görə, hadisə nəticəsində iki nəfər həyatını itirib, bir neçə nəfər isə ağır xəsarət alıb. Saxlanılan şəxsin Almaniya vətəndaşı olduğu bildirilir.
Rəsmi məlumatlara əsasən, hadisəni törədən şəxs 33 yaşlı, Leypsiqdə yaşayan yerli sakin olub. Saksoniyanın daxili işlər naziri Armin Şuster bildirib ki, istintaq hadisəni böyük ehtimalla “idarəolunmaz cinayətkarın hərəkəti” kimi qiymətləndirəcək.
Hüquq-mühafizə orqanları artıq iki nəfərin qətli və ən azı iki halda qətl cəhdinə görə cinayət işi açıb. Baş prokuror Klaudiya Laubenin sözlərinə görə, bu hadisənin məqsədli hücum olduğu şübhə doğurmur.
Bununla yanaşı, yerli hakimiyyət əhalini panikaya düşməməyə çağırıb və hadisədən qısa müddət sonra piyadalar üçün ərazi təhlükəsiz elan olunub.
Faciə Leypsiqin izdihamlı Grimmaişe küçəsində baş verib. Avtomobil əvvəlcə dayanacağa çırpılıb, daha sonra hərəkətini davam etdirərək insanları vurub.
Nəticədə iki nəfər ölüb, ən azı üç nəfər isə ağır yaralanıb. Tibb müəssisələri “çoxsaylı” yaralıların olduğunu bildirir, lakin onların dəqiq sayı hələ dəqiqləşdirilir.
Hadisənin motivləri isə hələlik tam aydın deyil və araşdırmalar davam edir.
![]()
