CBS telekanalı Pentaqondakı mənbəyə istinadən xəbər verir ki, 2026-cı ildə Mərakeşdə keçirilən “Afrika Aslanı” hərbi təlimi zamanı itkin düşən amerikalı hərbçilər boğulmuş ola bilər.
Məlumata görə, hərbçilərdən biri təlimdən kənar vaxtda gəzinti zamanı uçurumdan Atlantik okeanına düşüb. İkinci əsgər onu xilas etməyə çalışarkən güclü dalğaların təsirinə məruz qalıb. Üçüncü hərbçi də yoldaşlarını xilas etməyə cəhd etsə də, buna nail olmayıb və yalnız özü sahilə üzərək çıxa bilib.
Bildirilir ki, itkin düşən hərbçilərin axtarışı davam edir.
Əvvəlki məlumatlarda qeyd olunmuşdu ki, iki ABŞ hərbçisinin itkin düşməsi terror fəaliyyəti ilə əlaqəli deyil. “Hespress” xəbər portalının məlumatına görə, itkin düşən əsgərlər sonuncu dəfə Kap Draa bölgəsində, təlim poliqonuna yaxın sahil qayalarının yanında görülüblər.
Axtarış-xilasetmə əməliyyatlarına Mərakeş Silahlı Qüvvələri və ABŞ ordusunun təyyarələri, helikopterləri və pilotsuz uçuş aparatları cəlb olunub. Bundan əlavə, hərbi dalğıclar və alpinistlər də əməliyyatda iştirak edir. Genişmiqyaslı axtarış üçün ciddi insan və texniki resurslar səfərbər edilib.
İzmedia.az
![]()

