Myanmada azad edilən iki rusiyalı qadın vətənə qaytarılır

2 Min Read

Yanqondakı Rusiya səfirliyinin rəsmisi TASS-a bildirib ki, Myanmada saxta çağrı mərkəzlərindən azad edilən iki rusiyalı qadın vətənlərinə qayıtmaq üçün Taylanddakı Rusiya diplomatlarına təhvil verilib.

Rəsminin sözlərinə görə, əməliyyat Myanmadakı Rusiya səfirliyi və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib: “Azad edilən iki Rusiya vətəndaşı sonrakı repatriasiya üçün Taylanddakı Rusiya səfirliyinin əməkdaşlarına təhvil verildi. Proses diplomatik nümayəndəliklər və qəbul edən ölkələrin səlahiyyətli orqanları arasında sıx əməkdaşlıq şəraitində baş tutub və onların təhlükəsizliyi bütün mərhələlərdə təmin edilib”.

Hazırda qadınlara konsulluq yardımı göstərilir və vətənə qayıtmaq üçün zəruri sənədləşmə işləri aparılır.

Bildirilir ki, Rusiya səfirliyi əməkdaşları, Daxili İşlər Nazirliyi və Myanma polisi ilə birgə vətəndaşların qanunsuz fəaliyyətlərə cəlb olunmasının qarşısını almaq üçün işlərini davam etdirir. Xüsusilə Hind-Çin regionunda fəaliyyət göstərən şübhəli işəgötürənlərlə əməkdaşlığın riskləri barədə vətəndaşların məlumatlandırılmasına diqqət yetirilir.

Qeyd edək ki, Rusiyanın Yanqondakı səfiri İsgəndər Əzizov daha əvvəl bildirib ki, son iki ildə diplomatlar 19 Rusiya vətəndaşının vətənə qayıtmasına kömək edib. Onun sözlərinə görə, Myanma hakimiyyəti onlayn fırıldaqçılıq və digər qanunsuz fəaliyyətlərə qarşı mübarizəni prioritet elan edib və bu istiqamətdə, o cümlədən Çin və Taylandla əməkdaşlıq çərçivəsində tədbirləri gücləndirib.

Diplomat həmçinin rusiyalıları Cənub-Şərqi Asiya ölkələrində, xüsusilə turizm, modellik və tərcümə sahələrində yüksək maaş vədləri ilə edilən iş təkliflərinə qarşı ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, kibercinayətkarlar potensial qurbanlarla əsasən onlayn əlaqə quraraq onları regiona cəlb etməyə çalışırlar.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş