İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, siyasi böhranların hərbi yolla həlli mümkün deyil.
O, X sosial şəbəkəsində yazıb:
“Hörmüzdə baş verən hadisələr siyasi böhranın hərbi həllinin olmadığını açıq şəkildə göstərir”.
Əraqçi qeyd edib ki, Pakistanın vasitəçilik səyləri nəticəsində danışıqlar irəlilədiyi bir vaxtda ABŞ diqqətli olmalı və “pis niyyətli qüvvələrin təsirinə düşməməlidir”. O, həmçinin Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) də oxşar mövqe sərgiləməyə çağırıb.
İran XİN rəhbəri Hörmüz boğazında ticarət gəmilərinin keçidini təmin etməyi nəzərdə tutan “Azadlıq Əməliyyatı”nı “çıxılmaz bir nəticə” kimi qiymətləndirib.
Eyni zamanda BƏƏ Müdafiə Nazirliyi daha əvvəl İranın ölkəyə doğru 15 raket (12 ballistik və 3 qanadlı) və 4 dron atdığını bildirib. Fujayra əmirliyində neft terminalına pilotsuz uçuş aparatının hücumu nəticəsində yanğın baş verdiyi və üç Hindistan vətəndaşının yaralandığı qeyd olunub.
Məlumatlara görə, CNN mənbələri İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminin İran raketlərinin BƏƏ hava məkanında qarşısını almaq üçün istifadə edildiyini bildirib.
Qətər və Səudiyyə Ərəbistanı isə BƏƏ-yə dəstək ifadə edərək, ölkənin suverenliyinin və təhlükəsizliyinin qorunması üçün atdığı addımları dəstəklədiklərini açıqlayıblar. Səudiyyə Ərəbistanı İranın mülki və iqtisadi obyektlərə hücumunu sərt şəkildə pisləyib.
İzmedia.az
![]()

