İzmedia.az xəbər verir ki, ABŞ sahillərində köpəkbalıqlarının qeyri-adi şəkildə artması müşahidə olunur.
Dəniz bioloqu Kris Lou bildirib ki, bu vəziyyətin əsas səbəbi Sakit okeanda yaranan “super El-Ninyo” iqlim hadisəsidir. Onun sözlərinə görə, okean sularının həddindən artıq isinməsi nəticəsində köpəkbalıqları daha şimal bölgələrə hərəkət edir və əvvəl rast gəlinməyən ərazilərdə görünməyə başlayır.
Mütəxəssis qeyd edib ki, adətən yaz aylarında Cənubi Kaliforniya sahillərinə bəzi köpəkbalığı növləri yaxınlaşsa da, bu il istiləşmə səbəbilə onlar daha da şimala doğru yayılıb.
Alim xəbərdarlıq edib ki, bölgədə əvvəllər nadir rast gəlinən bəzi növlər də müşahidə olunur və bu, insanlarla qarşılaşma riskini artırır.
Onun sözlərinə görə, yüksək temperatur köpəkbalıqlarının maddələr mübadiləsini sürətləndirir və onların daha çox qida axtarmasına səbəb olur. Bu isə sahil zonalarında təhlükə riskini artırır.
Bundan əlavə, suyun bulanıq olması səbəbindən köpəkbalıqlarının səhvən insanları və ya digər obyektləri ov kimi qəbul etmə ehtimalı yüksəlir.
Mütəxəssis insanlara tək çimməmək, axşam saatlarında suya girməmək və nəzarətsiz çimərliklərdən istifadə etməmək barədə xəbərdarlıq edib.
Qeyd olunur ki, risk yalnız Florida deyil, həm də Şimali və Cənubi Karolina sahillərini əhatə edir.
![]()
