Serbiyanın beynəlxalq iqtisadi əməkdaşlıq üzrə naziri Nenad Popoviç TASS-a verdiyi müsahibədə bildirib ki, Rusiya ilə enerji əməkdaşlığı, o cümlədən ölkəyə Rusiya qazının tədarükü üçün əlverişli şərtlər, Serbiya iqtisadiyyatının sabitliyində əsas amil olaraq qalır.
“Rusiya ilə enerji əməkdaşlığı Serbiya iqtisadiyyatının sabitliyində əsas amil olaraq qalır. Serbiya qazı Avropada ən əlverişli qiymətə və ən yaxşı təchizat şərtləri ilə alır. Amma ən əsası qaz təchizatının etibarlılığıdır. Hazırda qlobal miqyasda qaz və neftin qiymətləri sözün əsl mənasında hər gün artır. Bütün bunlar hər bir ölkənin enerji təhlükəsizliyinə təsir göstərir. Serbiya Rusiyadan etibarlı təchizat alır. Enerji təhlükəsizliyimiz gələcəkdə ölkənin təhlükəsizliyini təmin edir”, – deyə nazir bildirib və Rusiyanı, eləcə də “Qazprom”u əsas iqtisadi tərəfdaşlar kimi xarakterizə edib.
Nazir əlavə edib ki, Prezident Aleksandr Vuçiç ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu yaxınlarda baş tutan telefon danışığı zamanı enerji təhlükəsizliyi də daxil olmaqla müxtəlif məsələlər müzakirə olunub.
“Bunlar ən yüksək səviyyədə əldə edilən razılaşmalardır. Prezidentlərimiz arasında daimi əlaqə bizim üçün çox vacibdir”, – deyə Popoviç vurğulayıb.
İzmedia.az
![]()

