izmedia.az xəbər verir ki, ABŞ-da 2013-cü ildə çəkilmiş və bu yaxınlarda Pentaqon tərəfindən məxfilikdən çıxarılan görüntülər böyük müzakirələrə səbəb olub. Hərbi dronun infraqırmızı kameraya aldığı kadrlarda səkkizguşəli ulduza bənzəyən naməlum obyekt görünür.
Məlumata görə, obyekt havada qeyri-adi hərəkətlər edir, hətta uçuş zamanı formasını dəyişərək sanki “yeni qollar çıxarır”. Texaslı pastor Coş Hoverton bildirib ki, obyektin görünüşü və davranışı Əhdi-Ətiqdəki Yezekel peyğəmbərin kitabında təsvir olunan xərubiləri xatırladır. Həmin mətnlərdə “təkər içində təkərlər” və köz kimi parlayan varlıqlardan bəhs edilir.
Mövzuya ABŞ Konqresinin respublikaçı üzvü Anna Paulina Luna da münasibət bildirib. O, sosial şəbəkələrdə bibliyadakı qanadlı varlığın təsviri ilə videodakı obyekt arasında oxşarlıq paylaşaraq Pentaqondan daha çox şəffaflıq tələb edib.
Sosial şəbəkələrdə isə mübahisələr davam edir. Bəzi istifadəçilər kadrlarda görünənin xərubi deyil, serafim ola biləcəyini iddia etsə də, skeptiklər bibliyadakı serafimlərin altı qanadı olduğunu, videodakı obyektin isə səkkiz şüalı göründüyünü vurğulayıblar.
ABŞ rəsmiləri yayılan iddialara münasibət bildirərək qeyd ediblər ki, görüntülər yalnız ictimaiyyəti məlumatlandırmaq məqsədilə paylaşılıb və bu video nə mələklərin, nə də yadplanetli həyatın mövcudluğunu sübut etmir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl UNO və naməlum anomal hadisələrlə bağlı sənədlərin məxfilikdən çıxarılacağını vəd etmişdi.
![]()
