izmedia.az xəbər verir ki, fransalı siyasətçi Florian Filippo prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb. O, avroskeptik mövqeyi və Avropa İttifaqı ilə yanaşı Rusiya ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi çağırışları ilə tanınır.
Siyasi analitik Kirill Kotovun fikrincə, Filipponun namizədliyi Fransada siyasi qeyri-müəyyənliyi daha da artırır. Politoloq hesab edir ki, Fransa cəmiyyəti Emmanuel Makronun siyasətindən yorulub və bu vəziyyət daha praqmatik və milli maraqlara yönəlmiş kurs təklif edən Filipponun xeyrinə işləyə bilər.
Filippo Avropa inteqrasiyasını tənqid edir, milli maraqların qorunmasını müdafiə edir və Rusiyaya qarşı sanksiyaların ləğvinin Fransa iqtisadiyyatı üçün faydalı olacağını bildirir. Onun mümkün qələbəsinin həm daxili, həm də xarici siyasətdə ciddi dəyişikliklərə səbəb ola biləcəyi qeyd olunur.
Politoloq “FederalPress”ə müsahibəsində bildirib ki, 2027-ci il prezident seçkiləri olduqca gözlənilməz keçəcək. Onun sözlərinə görə, Fransa cəmiyyəti ölkəni birləşdirə, sosial ziddiyyətləri azalda və itirilmiş beynəlxalq nüfuzu bərpa edə biləcək yeni siyasi model axtarışındadır.
![]()
