“The New York Times” qəzetinin ABŞ kəşfiyyatındakı mənbələrə istinadən yaydığı məlumata görə, İran Hörmüz boğazı boyunca yerləşən 33 yeraltı raket bazasından 30-na əməliyyat girişini bərpa edib.
Mənbələrin sözlərinə görə, bu məlumat ABŞ rəsmilərində ciddi narahatlıq yaradıb. Belə ki, həmin bazaların yenidən aktivləşdirilməsi Hörmüz boğazından keçən Amerika hərbi gəmiləri və neft tankerləri üçün təhlükə yarada bilər.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının İran ordusunun ciddi şəkildə zəiflədiyi ilə bağlı ictimai açıqlamaları Amerika kəşfiyyat xidmətlərinin qapalı görüşlərdə siyasətçilərə təqdim etdiyi məlumatlarla ziddiyyət təşkil edir.
Bildirilir ki, İran hazırda ölkə daxilində yerləşən yeraltı raket və buraxılış məntəqələrinin təxminən 90 faizinə yenidən çıxış əldə edib. Bundan əlavə, Tehran müharibədən əvvəl malik olduğu raket arsenalının və mobil buraxılış sistemlərinin təxminən 70 faizini qoruyub saxlayır.
Mənbələr vurğulayıblar ki, bu arsenal həm region ölkələrini hədəfə ala bilən ballistik raketləri, həm də quru və dəniz hədəflərinə qarşı istifadə oluna bilən daha qısa mənzilli qanadlı raketləri əhatə edir.
Yeni kəşfiyyat məlumatları göstərir ki, Donald Tramp və onun hərbi müşavirləri ABŞ qüvvələrinin İranın raket bazalarına vurduğu ziyanın miqyasını şişirdiblər.
Qəzetin məlumatına görə, təqdim olunan hesabatlar bir ay əvvəl əldə olunmuş atəşkəsin pozulacağı təqdirdə Tramp administrasiyasının qarşılaşacağı çətinlikləri ortaya qoyur. Bildirilir ki, ABŞ ordusu artıq bir sıra mühüm sursat ehtiyatlarını tükədib, İran isə xüsusilə strateji əhəmiyyət daşıyan Hörmüz boğazı bölgəsində ciddi hərbi imkanlarını qoruyub saxlayır.
İzmedia.az
![]()

