Hərbi mənbələrin “Defense News” nəşrinə verdiyi məlumata görə, ABŞ ordusu Polşaya 4000-dən çox əsgərin göndərilməsi planını ləğv edib.
Məlumata əsasən, 1-ci Süvari Diviziyasının 2-ci Zirehli Briqada Döyüş Komandası və onlara bağlı hərbi texnikanın Polşaya göndərilməsi nəzərdə tutulsa da, bu plan icra edilməyib. ABŞ ordusunun sözçüsü göndərilmənin ləğvini təsdiqləsə də, əlavə detalları açıqlamayıb və bütün sualların Pentaqona ünvanlanmasını tövsiyə edib. ABŞ Müdafiə Nazirliyi isə “Defense News”un sorğusuna hələlik cavab verməyib.
Portalın yazdığına görə, dəyişiklik barədə xəbər 11 may səhəri hərbi dairələrdə yayılıb və hərbçilər qərar barədə yaxınlarını məlumatlandırıblar. 12 mayda Konqresdə keçirilən büdcə dinləmələrində də məsələ açıq şəkildə gündəmə gətirilməyib.
Senator Cek Rid bildirib ki, ABŞ Ordusu Milli Qvardiyanın yerləşdirilməsi və sərhəd əməliyyatlarında iştirakı kimi uzunmüddətli missiyalar səbəbindən ən azı 2 milyard dollarlıq büdcə kəsiri ilə üzləşib. ABC News-un əldə etdiyi ordu hesabatına görə isə bu kəsir 4–6 milyard dollar arasında qiymətləndirilir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Fridrix Merts arasında yaranan fikir ayrılıqları fonunda Pentaqon Almaniyadan təxminən 5000 əsgərin geri çəkilməsi planlarını açıqlamışdı. Bu plan Avropada ABŞ hərbi mövcudluğunun Rusiya–Ukrayna müharibəsindən əvvəlki səviyyəyə qaytarılması ehtimalını gündəmə gətirib.
Eyni zamanda Polşaya daha çox ABŞ əsgərinin yerləşdirilməsi variantı da müzakirə olunurdu. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkəsinin əlavə Amerika hərbçilərini qəbul etməyə hazır olduğunu bildirmişdi.
Hazırda Polşada rotasiya əsasında 10 mindən çox ABŞ əsgəri xidmət edir.
İzmedia.az
![]()

