Axios: MKİ direktoru Kubaya əməkdaşlıq mesajı çatdırıb

2 Min Read

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Kubaya səfəri zamanı Vaşinqtonun, adada islahatlar həyata keçiriləcəyi təqdirdə, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığa hazır olduğunu bildirib. Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, Retkliff səfər çərçivəsində Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro, daxili işlər naziri Lasaro Alberto Alvares Kasas və Kuba kəşfiyyat xidmətinin rəhbəri ilə görüş keçirib.

“Axios” yazır ki, MKİ direktoru görüşlər zamanı “Prezident Donald Trampın Kuba fundamental dəyişikliklər həyata keçirəcəyi təqdirdə ABŞ-ın iqtisadi və təhlükəsizlik məsələləri üzrə ciddi əməkdaşlığa hazır olduğu” mesajını çatdırıb.

Amerika administrasiyasındakı mənbələrin sözlərinə görə, görüşdə tərəflər kəşfiyyat əməkdaşlığı, iqtisadi sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər. ABŞ tərəfi hesab edir ki, Kuba artıq Vaşinqtonun rəqibləri üçün Qərb yarımkürəsində sığınacaq rolunu oynamamalıdır.

Bundan əvvəl Kuba Daxili İşlər Nazirliyi Havanada nümayəndələrinin MKİ direktoru ilə görüş keçirdiyini təsdiqləmişdi. Nazirliyin bəyanatında qeyd olunub ki, Kuba ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmır və ölkənin “terrorizmi dəstəkləyən dövlətlər” siyahısına daxil edilməsi üçün hüquqi əsas yoxdur.

Bəyanatda həmçinin vurğulanıb ki, Kuba ərazisində heç bir xarici hərbi və ya kəşfiyyat bazası yerləşmir və Havana heç vaxt ABŞ-a qarşı düşmən fəaliyyətlərini dəstəkləməyib.

Xatırladaq ki, martın 5-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatlardan sonra Kubaya qarşı əlavə tədbirlər hazırlamaq niyyətində olduğunu açıqlamışdı. O, daha əvvəl də ABŞ təzyiqləri nəticəsində Venesueladan Kubaya neft tədarükünün azalmasının ada dövlətinin iqtisadiyyatını çətin vəziyyətə saldığını bildirmişdi.

Fevralın 27-də Tramp ABŞ-ın “Kuba üzərində dostcasına nəzarət qura biləcəyini” də demişdi.

Kuba Prezidenti Migel Dias-Kanel isə martın 13-də Havana ilə Vaşinqton arasında fikir ayrılıqlarının dialoq yolu ilə həlli istiqamətində danışıqlar aparıldığını açıqlamışdı.

Bundan başqa, “Axios”un fevral ayında yaydığı məlumata görə, ABŞ dövlət katibi Marko Rubio da gizli şəkildə Rodriges Kastro ilə Kubanın gələcəyini müzakirə edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş