2026-cı ilin yanvarında ABŞ-a aparılan Venesuelanın keçmiş prezidenti Nikolás Maduro hazırda Nyu-Yorkdakı Metropoliten Saxlama Mərkəzində 18 nəfərlə birlikdə eyni kamerada saxlanılır. Bu barədə onun oğlu Nikolás Maduro Guerra “Der Spiegel” nəşrinə müsahibəsində bildirib.
Maduro Guerranin sözlərinə görə, atası əvvəlcə tək kamerada saxlanılıb, lakin Pasxa bayramından əvvəl ümumi kameraya köçürülüb. O bildirib ki, kamera yoldaşlarının təxminən yarısı ispan dilində danışdığı üçün Maduro ünsiyyət problemi yaşamır.
“Onu ümumi kameraya köçürdüklərindən bəri demək olar ki, hər axşam, saat yeddi radələrində evə zəng edir”, – deyə Maduro Guerra bildirib.
Onun sözlərinə görə, keçmiş prezident boş vaxtlarında televiziya izləyir, ingilis dili öyrənir, Müqəddəs Kitab oxuyur və Amazon vasitəsilə göndərilən kitablarla maraqlanır. Bu kitablar arasında Venesuela Konstitusiyası, Simon Bolivar haqqında əsərlər, metafizika, Şekspir və Esxilin əsərləri də var.
Maduro Guerra həmçinin atasının 20 yaşlı nəvəsinin oxuduğu ədəbiyyatla maraqlandığını qeyd edib.
Ailənin əsas narahatlığının həbsxanadakı qidalanma ilə bağlı olduğu bildirilib. “Atam həmişə sağlam qidalanırdı — çoxlu tərəvəz yeyir, şəkərdən uzaq dururdu. İndi isə əsasən karbohidratlı və emal olunmuş qidalar yeyir, yeməklərdə çox duz var”, – deyə o bildirib.
Maduro Guerra əlavə edib ki, ABŞ hərbçiləri atasını saxlayarkən onun dizindən xəsarət almasına səbəb olublar, lakin hazırda ağrılar əvvəlki qədər güclü deyil.
Xatırladaq ki, 2026-cı ilin yanvarında ABŞ Venesuelada hərbi əməliyyat keçirərək Nikolás Maduro və həyat yoldaşı Silia Floresi saxlayıb və onları ABŞ-a aparıb. Onlara qarşı “narkoterrorizm”, qanunsuz silah saxlama və narkotik qaçaqmalçılığı ittihamları irəli sürülüb.
İzmedia.az
![]()

