“Reuters” agentliyinin yerli mediaya istinadən yaydığı məlumata görə, ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi Ceff Lendri Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə gəlib.
Agentliyin məlumatında bildirilir: “Lendri bazar günü Nuuka çatıb”.
Məlumata əsasən, yüksək vəzifəli amerikalı rəsmi 19–20 may tarixlərində keçirilməsi planlaşdırılan biznes konfransında iştirak etməyi nəzərdə tutur. Onu ABŞ-ın Danimarkadakı səfiri Kennet Hauer müşayiət edəcək.
Agentliyin qeyd etdiyi kimi, tədbirin təşkilatçıları Lendriyə xüsusi dəvət göndərməsələr də, konfransın hər kəs üçün açıq olduğunu bildiriblər.
ABŞ-ın Kopenhagendəki səfirliyi bu həftə açıqlayıb ki, Lendri və Hauer Qrenlandiyada ABŞ üçün mövcud iqtisadi imkanları araşdırmaq məqsədilə yerli sakinlərlə görüşlər keçirəcəklər.
“Reuters” vurğulayır ki, Lendrinin Qrenlandiya siyasətçiləri ilə görüş planları barədə hələlik məlumat yoxdur.
Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir. Lakin ABŞ Prezidenti Donald Tramp dəfələrlə adanın ABŞ-ın bir hissəsinə çevrilməli olduğunu bildirib. Danimarka və Qrenlandiya hakimiyyəti isə Vaşinqtonu adanı ilhaq etmək cəhdlərindən çəkinməyə çağırıb və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb.
İzmedia.az
![]()

