Kipr Prezidenti Nikos Xristodulides bildirib ki, Türkiyə parlamenti “Mavi Vətən” doktrinası çərçivəsində Egey və Aralıq dənizlərində dəniz yurisdiksiyası ilə bağlı qanunu qəbul edərsə, buna “Avropa cavabı” verilə bilər.
Bu barədə “Cyprus Mail” məlumat yayıb.
Prezidentin sözlərinə görə, sözügedən qanun təkcə Kipr və Yunanıstanın deyil, həm də regionda maraqları olan digər Avropa ölkələrinin və ABŞ-ın da maraqlarına toxunur.
“Bu, Kipr, Yunanıstan və digər Avropa dövlətlərinə aiddir, eyni zamanda bu bölgədə maraqları olan ABŞ-a da aiddir”, – deyə Xristodulides bildirib. O əlavə edib ki, bu maraqlar beynəlxalq hüquqa və 1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına (UNCLOS) əsaslanır.
O qeyd edib ki, məsələni ötən həftə Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə müzakirə edib və mövzu Avropa liderləri ilə də gündəmdə saxlanılır.
“Vəziyyəti izləyirik. Ümid edirəm ki, Türkiyə qeyri-qanuni addımlar atmayacaq. Əgər belə olarsa, cavab Avropa olmalıdır”, – deyə o bildirib.
Kipr Prezidenti əlavə edib ki, artıq Yunanıstanla birlikdə qabaqlayıcı addımlar atılıb.
Türkiyə Müdafiə Nazirliyi isə daha əvvəl qanunun dəniz yurisdiksiyası ilə bağlı məsuliyyətləri müəyyənləşdirməyi və hüquqi boşluqları aradan qaldırmağı hədəflədiyini bildirib.
Türkiyə mediasının məlumatına görə, qanun eksklüziv iqtisadi zona və kontinental şelf sərhədlərini də müəyyən etməyi nəzərdə tutur.
Qeyd olunur ki, sənəd Egey dənizindəki adaların hüquqi statusuna da təsir göstərə bilər. Bu isə Türkiyə və Yunanıstan arasında uzun illərdir davam edən mübahisəli məsələlərdən biridir.
Qanun layihəsinin iyunun əvvəlində Türkiyə parlamentinə təqdim ediləcəyi gözlənilir.
İzmedia.az
![]()

