ABŞ prezidenti Donald Trumpın yüksək vəzifəli müşavirləri ABŞ-nin birbaşa hücumundan əvvəl İsrailin İrana zərbə endirməsini daha məqsədəuyğun hesab edirlər.
İzmedia.az xəbər verir ki, bu barədə “Politico” məlumatlı mənbələrə istinadən yazır.
Mənbələrdən birinin sözlərinə görə, administrasiya daxilində belə bir fikir formalaşıb ki, əgər İsrail ilk və təkbaşına hərəkət etsə və İran cavab tədbirləri görsə, bu, Vaşinqtona müdaxilə üçün əlavə əsas yarada bilər.
Tramp administrasiyasının rəsmiləri hesab edirlər ki, İsrailin mümkün hücumu İranı cavab verməyə məcbur edəcək və bu da ABŞ ictimaiyyəti arasında hərbi əməliyyata dəstəyin artmasına səbəb ola bilər.
Bununla yanaşı, mənbələr bildirir ki, ABŞ-İran danışıqlarının ciddi xarakter daşımasına baxmayaraq, Trampa yaxın şəxslər arasında “onları bombalayacağıq” yanaşması mövcuddur.
ABŞ və İran nümayəndələri fevralın 26-da Cenevrədə İranın nüvə proqramı ilə bağlı yeni danışıqlar raundu keçirəcəklər. Amerika tərəfinə ABŞ prezidentinin səfiri Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.
İran prezidenti Məsud Pezeşkyan qarşıdakı danışıqlarla bağlı müsbət fikirlər səsləndirib. Eyni zamanda, Axios mənbələrə istinadən qeyd edir ki, diplomatik cəhd sonuncu ola bilər və uğursuzluq halında Tramp İran əleyhinə genişmiqyaslı ABŞ-İsrail əməliyyatına başlaya bilər.
İzmedia.az
![]()

