ÜST: Yaxın Şərqdə gərginliyin artması nəticəsində 1800-dən çox insan həlak olub

2 Min Read

Ümumdünya Səhiyyə Təşkilatı-nın baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, Yaxın Şərqdə gərginliyin başlanmasından bəri İran, Livan və İsrail ərazilərində 1800-dən çox insan həyatını itirib, ən azı 12 500 nəfər yaralanıb.

O, X hesabında yazıb:

“Yaxın Şərqdə münaqişənin son kəskinləşməsindən on gündən çox vaxt keçməsinə baxmayaraq, səhiyyə sistemləri böyük gərginlik altındadır. Hesabatlara görə, İranda 1300-dən çox ölüm və 9000 yaralanma, Livanda ən azı 570 ölüm və 1400-dən çox yaralanma, İsraildə isə 15 ölüm və 2142 yaralanma qeydə alınıb”.

ÜST rəhbərinin sözlərinə görə, regionda səhiyyə müəssisələrinə edilən hücumların sayı da artır. O bildirib ki, fevralın 28-dən bəri təşkilat İranda 18, Livanda 25 və İsraildə iki belə hücum qeydə alıb. “Bu hücumlar təkcə insanların həyatına son qoymur, həm də icmaları ən çox ehtiyac duyduqları vaxt reanimasiya və tibbi yardımdan məhrum edir”, – deyə o vurğulayıb.

Qebreyesus qeyd edib ki, regionda ictimai səhiyyə riskləri də artır. Onun sözlərinə görə, İranda 100 mindən çox, Livanda isə 700 minə qədər insan evlərini tərk etməyə məcbur olub və pisləşən şəraitdə təmiz su və sanitariya imkanlarına məhdud çıxışla üzləşir. Xüsusilə qadınlar və uşaqların xəstəlik riski altına düşdüyü bildirilib.

ÜST bütün tərəfləri mülki şəxsləri və səhiyyə sistemlərini qorumağa, humanitar yardıma maneəsiz çıxışı təmin etməyə və gərginliyin azaldılması üçün addımlar atmağa çağırıb. Təşkilat həmçinin artıq kövrək vəziyyətdə olan səhiyyə sistemlərinin dağılmasının qarşısını almaq və zərər çəkmiş icmaların bərpasını dəstəkləmək üçün təcili tədbirlərin vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla ölkənin böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumları İrandan gələn raket və nüvə təhdidləri iddiaları ilə əsaslandırıb.

Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alan cavab əməliyyatı elan edib. Həmçinin Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirilib.

Məlumata görə, ABŞ və İsrailin birgə hücumu nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xamenei və bir sıra digər yüksək vəzifəli şəxslər həlak olub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş