Axios anonim mənbələrə istinadən Ukrayna və ABŞ prezidentləri arasında baş tutan telefon danışığının detalları barədə məlumat yayıb.
Məlumata görə, Volodimir Zelenski yanvarın sonunda Davosda keçirilən görüşdən sonra ilk dəfə olaraq Donald Trumpla danışıb. Təxminən 30 dəqiqə davam edən söhbətin dostcasına və müsbət atmosferdə keçdiyi bildirilir. Axios mənbələrini Ukrayna rəsmisi və məsələ ilə tanış olan daha iki şəxs kimi təqdim edir.
Nəşrin yazdığına görə, Trampın xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşner də zəngdə iştirak ediblər. Onların cümə axşamı Cenevrədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ilə görüşəcəyi gözlənilir.
Mənbələrdən birinin sözlərinə görə, Kuşner və Vitkoff Cenevrədə Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriyevlə ayrıca görüş keçirə bilərlər. Bu barədə daha əvvəl TASS adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Axios-un məlumatına əsasən, Zelenski Trampa ABŞ-nin dəstəyinə görə təşəkkür edib və bildirib ki, Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa yalnız ABŞ prezidenti məcbur edə bilər. Mənbələrdən biri nəşrə deyib ki, Zelenski müharibənin bu il başa çatacağına ümid etdiyini ifadə edib, Tramp isə müharibənin artıq çox uzandığını və onun bir ay ərzində bitməsini istədiyini bildirib.
İzmedia.az
![]()

