Hindistan Müdafiə Nazirliyi yaxın vaxtlarda Hindistan Hərbi Hava Qüvvələrinin Rusiyadan əlavə beş ədəd S-400 “Triumf” hava hücumundan müdafiə raket sistemi almaq təklifini təsdiqləyə bilər.
İzmedia.az xəbər verir ki, nazirlik həm şərq, həm də qərb istiqamətlərində yerləşdirilməsi nəzərdə tutulan Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərindən əlavə beş eskadrilyanın alınması məsələsinə tezliklə baxacaq.
Məlumata əsasən, S-400 sistemləri 2025-ci ilin may ayında Hindistanın Pakistana qarşı həyata keçirdiyi “Sindur” əməliyyatı zamanı effektivliyini nümayiş etdirib. Bildirilir ki, sistemlər 300 kilometr məsafədə altı Pakistan qırıcı təyyarəsini və bir kəşfiyyat təyyarəsini vurub.
Hindistan 2018-ci ildə Rusiya istehsalı olan beş eskadrilya S-400 Triumf zenit-raket sisteminin alınması üçün 5,43 milyard dollar dəyərində müqavilə imzalayıb. Ölkə Rusiyadan aldığı ilk S-400 kompleksini Pakistanla sərhəd boyunca, Pəncab ştatında yerləşdirib.
Qeyd edək ki, 22 aprel 2025-ci ildə Cammu və Kəşmir ərazisində yerləşən Pahalqam turizm şəhərində baş verən terror hücumundan sonra Hindistan 7 may tarixində Pakistandakı terrorla əlaqəli hədəflərə zərbələr endirmək üçün “Sindur” əməliyyatına başlayıb. Əməliyyat zamanı Hindistan ordusu tərəfindən Rusiya istehsalı olan hərbi texnikadan istifadə edilib.
Hindistanın Baş naziri Narendra Modi daha sonra bəyan edib ki, Rusiya istehsalı olan S-400 raket sistemi ilə gücləndirilmiş ölkənin hava hücumundan müdafiə sistemi əməliyyatın gedişində əsas rol oynayıb.
İzmedia.az
![]()

