Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının prezidenti Ursula von der Leyen-ə müraciət edərək, Rusiya neftinin “Drujba” boru kəməri ilə tranzitinin bərpası üçün Ukrayna prezidenti Vladimir Zelensky-yə təzyiq göstərilməsini istəyib.
İzmedia.az bildirir ki, Orbanın sözlərinə görə, o, Brüsselə ünvanladığı məktubda Ukraynanın Avropa İttifaqı ilə bağladığı müqavilələrə əməl etməli olduğunu və Aİ ölkələrinin enerji təhlükəsizliyini risk altına atmamalı olduğunu vurğulayıb. Baş nazir məktubun surətini M1 televiziya kanalı tərəfindən yayımlanan video müraciətində nümayiş etdirib.
“Zelenski boru kəmərini yenidən açmaq niyyətində olmadığını bildirib. Buna görə də bu gün Avropa Komissiyasının prezidentini mövcud vəziyyət barədə məlumatlandırdım”, – deyə Orban qeyd edib.
Baş nazir xatırladıb ki, o və Slovakiyanın Baş naziri Robert Fico boru kəmərinin işlək vəziyyətdə olub-olmadığını və ya Kiyevin iddia etdiyi kimi təmirə ehtiyac duyub-duymadığını yoxlamaq üçün hər iki ölkədən mütəxəssislərin Ukraynaya göndərilməsini təklif ediblər.
Orbanın fikrincə, Zelenskinin Macarıstan və Slovakiyanın son illərdə neft tranzitinin baş tutmasına görə Ukraynaya minnətdar olmalı olduğu barədə açıqlaması “sadəcə kinayəli” olub.
Baş nazir bildirib ki, məktubunda Macarıstanın “Drujba” boru kəməri ilə neft tranziti bərpa olunana qədər Ukraynanın xeyrinə heç bir Aİ qərarını dəstəkləməyəcəyini də qeyd edib.
Rusiya neftinin Macarıstana nəqli yanvarın 27-dən etibarən dayandırılıb. Budapeşt boru kəmərinin texniki baxımdan işlək olduğunu və onun siyasi səbəblərlə bloklandığını iddia edir. Buna cavab olaraq Macarıstan Ukraynaya dizel yanacağının tədarükünü dayandırıb və Aİ-nin Kiyevə 90 milyard avro məbləğində “hərbi kredit” ayırmasına razılıq verməyib.
İzmedia.az
![]()

