Donald Tramp Ağ Ev-də Maykl Martin ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ yaxın gələcəkdə Kuba ilə bağlı yeni tədbirlər görməyi planlaşdırır.
İzmedia.az xəbər verir ki, Ağ Evin nümayəndəsi qeyd edib ki, Kuba hazırda çətin vəziyyətdədir və Vaşinqton bu məsələni diqqətdə saxlayır. Onun sözlərinə görə, ABŞ Dövlət katibi Marko Rubio ilə də bu istiqamətdə müzakirələr aparılır və yaxın zamanda konkret addımlar atıla bilər.
Marko Rubio isə öz növbəsində ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi ticarət və iqtisadi embarqonun yumşaldılması ehtimalının müzakirə olunmadığını vurğulayıb.
Martın 13-də Migel Diaz-Kanel Havana və Vaşinqton arasında mövcud fikir ayrılıqlarının dialoq yolu ilə həlli məqsədilə danışıqlar aparıldığını açıqlayıb. O bildirib ki, bu dialoqun məqsədi problemlərin müəyyənləşdirilməsi, onların həlli yollarının tapılması, həmçinin hər iki ölkənin xalqlarının rifahı naminə konkret addımların atılmasıdır. Bununla yanaşı, təhlükəsizlik, sülh və qarşılıqlı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi də əsas prioritetlər sırasındadır.
Kuba prezidenti əlavə edib ki, rəsmi Havana bu prosesi bərabərlik prinsipi, hər iki ölkənin siyasi sistemlərinə hörmət, eləcə də dövlət suverenliyi və öz müqəddəratını təyinetmə hüququ əsasında davam etdirməyə hazırdır.
Xatırladaq ki, martın 5-də Donald Tramp ABŞ-nin İran ilə bağlı hərbi əməliyyatlar başa çatdıqdan sonra Kuba istiqamətində gələcək siyasətin müəyyən ediləcəyini bildirmişdi. O, daha əvvəl dəfələrlə qeyd edib ki, ABŞ-ın təzyiqləri fonunda Venesueladan Kubaya neft tədarükünün dayandırılması ada ölkəsinin iqtisadiyyatına ciddi təsir göstərib.
Fevralın 27-də Ağ Evin nümayəndəsi ABŞ-nin Kubanı “dostcasına ələ keçirə” biləcəyi ilə bağlı açıqlama vermişdi.
İzmedia.az
![]()

