Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyaları tənqid edərək onları Fransada keçiriləcək G7 Xarici İşlər Nazirlərinin görüşü ərəfəsində “kağız bəyannaməsi” kimi qiymətləndirib.
Diplomat TASS agentliyinə verdiyi müsahibədə bildirib ki, “Kanadanın qanunsuz sanksiyaları heç bir real qüvvə daşımır. Onlar mahiyyət etibarilə G7 xarici işlər nazirlərinin görüşü ilə üst-üstə düşmək üçün əlverişli vaxtda hazırlanmış kağız bəyannamələrdir ki, Kanada hökuməti bu anti-Rusiya klubunun üzvləri qarşısında özünü göstərsin”.
Onun sözlərinə görə, bu həftənin əvvəlində Kanadanın xarici işlər naziri Anita Anand Ukrayna Kanada Konqresinin nümayəndələri ilə görüşüb. Stepanov iddia edib ki, bu təşkilat “nasist əməkdaşları tərəfindən təsis olunub və hazırda onların nəsilləri tərəfindən idarə olunur”.
Səfir əlavə edib ki, bu cür siyahıların hazırlanmasına vəsait xərclənməsi Kanada vergi ödəyiciləri üçün faydasızdır.
Qeyd edək ki, cümə axşamı Kanadanın baş diplomatı Rusiyaya qarşı əlavə sanksiyalar elan edib. Bildirilib ki, “kölgə donanması” kimi tanınan daha 100 gəmi qara siyahıya salınıb. Anita Anand qeyd edib ki, yeni məhdudiyyətlər Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almağa yönəlib. 2014-cü ildən bəri Kanada sanksiya siyahısına 3400 Rusiya fiziki və hüquqi şəxsini, eləcə də 600 gəmini daxil edib.
İzmedia.az
![]()

