Sergey Lavrov bildirib ki, Ukrayna rəhbərliyi həm Avropa İttifaqı tələblərini, həm də öz Konstitusiyasını nəzərə almır, lakin Volodimir Zelenskinin fəaliyyətinə görə buna göz yumulur.
Nazir bu fikirləri medianın Peter Szijjártó ilə sızdırılmış telefon danışığı və bununla bağlı Aİ nümayəndəsinin şərhlərinə dair sualını cavablandırarkən səsləndirib.
“Kiyev rejiminin həm Aİ tələblərini, həm də öz Konstitusiyasını qulaqardına vurduğu hər kəsə aydındır. Həmçinin aydındır ki, Brüssel Zelenski ‘missiyasını’ davam etdirdiyi müddətdə onu hər şeydən bağışlayacaq”, – deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, bu, Aİ rəsmiləri üçün kifayət deyil və onlar BMT üzvü olan ölkələrin xarici işlər nazirlərini Kiyevin milli azlıqların hüquqlarını pozması ilə bağlı müzakirələr apardıqlarına görə tənqid edirlər.
Lavrov əlavə edib ki, xarici işlər nazirlərinin əsas vəzifələrindən biri siyasi dialoqun qorunmasıdır. O vurğulayıb ki, həmkarları ilə danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq gündəmdəki məsələlər, eləcə də insan hüquqları və milli azlıqların hüquqlarının beynəlxalq standartlara uyğun qorunması mövzuları da müzakirə olunur.
İzmedia.az
![]()

