İsrail Müdafiə Qüvvələrinin (İMQ) ABŞ və İran arasında danışıqların “uğursuzluğa uğramasından” sonra Tehrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığı bildirilir.
İzmedia.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail müdafiə rəsmilərinin üç böyük televiziya kanalına koordinasiyalı şəkildə məlumat sızdırdığını yazıb.
Kanal 12 mənbələr göstərmədən bildirib ki, İsrail Müdafiə Qüvvələri yalnız İranla mümkün yeni münaqişəyə hazırlaşmır, həm də İsrailə qarşı potensial İranın gözlənilməz hücumuna qarşı hazırlıq görür.
İctimai yayımçı Kan isə yüksək vəzifəli müdafiə rəsmisinə istinadən İsrailin İrana qarşı müharibəni yeniləməkdə maraqlı olduğunu qeyd edib. Məlumata görə, bu addımın məqsədi İranın nüvə proqramı və ballistik raket imkanları ilə bağlı kifayət qədər təzyiq göstərilmədiyi üçün əvvəlki mərhələnin “yarımçıq qaldığı” ilə əlaqələndirilir.
Hesabatda həmçinin iddia olunur ki, ABŞ prezidenti Donald Tramp münaqişənin yenidən başlamasına qərar verərsə, İsrail ordusu İranın enerji infrastrukturuna zərbələr endirərək Tehranın nüvə proqramından imtina etməsinə çalışacaq.
Kanal 13 isə bildirib ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir orduya döyüş əməliyyatlarının dərhal bərpasına hazırlıq göstərişi verib.
Qeyd edək ki, İran və ABŞ aprelin 11-də İslamabadda bir neçə raund danışıqlar aparıblar. Hər iki tərəf görüşlərdən sonra bəyan edib ki, fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılaşma əldə olunmayıb. Yeni danışıqlar raundu ilə bağlı isə hələlik detallı məlumat yoxdur.
İzmedia.az
![]()

