ABŞ komandanlığının İran dənizlərinin tam blokadasını elan etməsindən sonra neft tankerlərinin marşrutlarını kütləvi şəkildə dəyişdirdiyi bildirilir.
İzmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp ciddi geosiyasi sınaqla üzləşib və prosesin nəticəsi ya İranın təcrid olunması, ya da əməliyyatın uğursuzluğu ola bilər.
LSEG və Kpler dəniz izləmə sistemlərinin məlumatlarına əsasən, hazırda regionda gəmilərin hərəkətində xaotik vəziyyət müşahidə olunur. Kapitanların mümkün toqquşmaların qarşısını almağa çalışdığı və planlaşdırılan hərbi əməliyyatlardan əvvəl təhlükəsiz ərazilərə yönəldiyi bildirilir.
Liberiya bayrağı altında üzən “Mombasa B” tankerinin Fars körfəzində ballast rejimində hərəkət etdiyi, Malta bayraqlı “Agios Fanourios I” gəmisinin isə Oman körfəzi yaxınlığında lövbər saldığı qeyd olunur.
Ekspertlər bu addımı yüksək riskli hesab edir və blokadanın effektivliyi üçün böyük sayda hərbi gəminin uzunmüddətli iştirakı tələb olunduğunu bildirirlər. Analitiklərin fikrincə, belə bir əməliyyatın davamlı şəkildə saxlanması ABŞ üçün ciddi çətinlik yarada bilər.
Pentaqonun keçmiş rəsmisi Dana Strole bildirib ki, “bu missiyanın təkbaşına uzun müddət davam etdirilməsi çox çətindir və dəyişməz qalacağına zəmanət yoxdur”.
Bildirilib ki, regiondan keçən tanker daşımaları Çin və Hindistan kimi böyük iqtisadiyyatlara neft təmin edir və bu, vəziyyətin qlobal miqyasda gərginləşməsi riskini artırır.
İran tərəfinin isə mümkün cavab addımları kimi regiondakı ABŞ obyektlərini hədəfə ala biləcəyi qeyd olunur. Ehtiyat admiralı Qari Rafhed isə bildirib: “Əgər bu addım atılarsa, İran mütləq cavab verəcək”.
Analitiklər xəbərdarlıq edirlər ki, qısa müddətdə blokada neft qiymətlərini aşağı sala bilər, lakin uzunmüddətli dəniz qarşıdurması əks təsir yaradaraq qiymətləri yüksəldə bilər. Artıq bazarlarda narahatlıq hiss olunur və bir barel neftin qiyməti 102 dollara qədər yüksəlib.
İzmedia.az
![]()

