Çin hakimiyyəti ABŞ rəhbərliyi ilə Tayvan administrasiyası arasında hər hansı rəsmi əlaqəni qəbuledilməz hesab etdiyini bəyan edib. Bu barədə Çin Xalq Respublikasının Dövlət Şurasının Tayvan İşləri İdarəsinin rəsmi nümayəndəsi Çen Binhua açıqlama verib.
O, brifinq zamanı ABŞ Prezidenti Donald Tramp və Tayvan rəhbəri Lay Tsinq-de arasında Amerika silahlarının Tayvana tədarükü ilə bağlı mümkün dialoqu şərh edərək bildirib: “Biz Vaşinqtonla Çinin Tayvan bölgəsi arasında hər hansı rəsmi təmas formasına qəti şəkildə qarşıyıq və ABŞ-ın Tayvana silah satışına da qəti şəkildə etiraz edirik”.
Çen Binhua qeyd edib ki, Pekin ABŞ-dan “vahid Çin” prinsipinə hörmətlə yanaşmasını və iki ölkə arasında daha əvvəl əldə olunmuş razılaşmalara uyğun davranmasını tələb edir.
Onun sözlərinə görə, Vaşinqton Tayvan məsələsinə “son dərəcə ehtiyatla” yanaşmalı və “separatçı qüvvələrə yanlış siqnallar göndərməyi dayandırmalıdır”.
Rəsmi nümayəndə bildirib ki, ABŞ Tayvan boğazında sülh və sabitliyi konkret addımlarla dəstəkləməli və iki ölkə arasındakı münasibətlərin sabitliyinin qorunmasına töhfə verməlidir.
Çen Binhua həmçinin Tayvanda hakimiyyətdə olan Demokratik Tərəqqi Partiyasını regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib. Onun fikrincə, Tayvanın ABŞ-ın dəstəyinə arxalanaraq müstəqillik əldə etmək cəhdləri bölgədə böhran vəziyyətinə səbəb ola bilər.
Rəsmi şəxs vurğulayıb ki, silah tədarükü və hərbi dəstək Tayvanın Çin materikindən ayrılmasına kömək etməyəcək.
İzmedia.az
![]()

