Rumıniyanın hakim koalisiyasında siyasi böhran dərinləşib. Bloomberg agentliyinin məlumatına görə, bir sıra nazirlər baş nazir İlie Bolojanın sərt iqtisadi siyasətinə görə onun istefasını tələb edirlər.
Məlumata əsasən, Sosial Demokrat Partiya daxilində aparılan məsləhətləşmələr zamanı baş nazirə dəstəyin geri çəkilməsi ehtimalı müzakirə olunur. Narazılıq həm iqtisadi sərtləşmə tədbirləri, həm də dörd partiyalı koalisiya daxilində koordinasiyanın zəifliyi ilə izah edilir.
Liberal Partiyanı təmsil edən Bolojan isə daxili siyasi müzakirələrin nəticəsindən asılı olmayaraq istefa vermək niyyətində olmadığını açıqlayıb. Gərginlik artacağı təqdirdə Sosial Demokratların hökumətə qarşı etimadsızlıq səsverməsini dəstəkləyə biləcəyi bildirilir.
Agentlik qeyd edir ki, bu fikir ayrılıqları təxminən 10 ay əvvəl formalaşdırılmış Avropayönlü koalisiyanın dağılması riskini artırır.
Sorin Qrindeanu vəziyyətin yaxın günlərdə dəyişə biləcəyini bildirib və partiyanın müxalifətə keçmə ehtimalını istisna etməyib.
Koalisiya parlamentdə çoxluğu itirərsə, Bolojan ya azlıq hökuməti qurmalı, ya da yeni siyasi tərəfdaşlar axtarmalı olacaq. Sosial Demokrat nazirlər istefa verəcəyi halda, baş nazirin parlamentdən etimad səsi almaq üçün 45 gün vaxtı qalacaq.
İzmedia.az
![]()

