Hart van Nederland portalının məlumatına görə, Hollandiyanın Lustdrext bələdiyyəsində (Şimali Hollandiya əyaləti) 800-dən çox sakin müvəqqəti sığınacaq mərkəzinin açılmasına etiraz edib.
Nəşrin yazdığına görə, 20 aprel axşamı bir neçə yüz nəfər müvəqqəti qaçqın mərkəzinin yaradılması məsələsinin müzakirə olunduğu iclas zamanı şəhər meriyasının binası qarşısına toplaşıb. Əvvəlcə etiraz dinc keçsə də, daha sonra vəziyyət gərginləşib. Polis binanı mühasirəyə alaraq etirazçıların yaxınlaşmasına imkan verməyib, daha sonra isə əlavə qüvvələr cəlb olunub. Nəticədə toqquşmalar baş verib və hüquq-mühafizə orqanları aksiyanı dağıtmaq üçün güc tətbiq edib.
Narazılıq şəhər meriyasında 110 nəfərə qədər sığınacaq axtaran şəxsin yerləşdirilməsi planı ilə bağlı olub. Qərar 17 apreldə elan edilib və ilk yerləşdirmələrin bu həftə başlanması planlaşdırılıb. Hakimiyyət bu addımı qəbul mərkəzlərində yer çatışmazlığı və yeni yerləşdirmə obyektinə ehtiyacla izah edib.
Sakinlər isə qərarın onların iştirakı olmadan verildiyini və prosesin çox sürətlə həyata keçirildiyini bildirirlər. Bələdiyyə isə ərazidə 24 saatlıq mühafizə və patrul xidmətinin daxil olduğu gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüləcəyini açıqlayıb.
İzmedia.az
![]()

