Suriya: keçmiş milis lideri Fadi Saqr insanlığa qarşı cinayətlərdə ittiham olunur

2 Min Read

Suriya İnsan Hüquqları Komissiyası Əsəd rejimi dövründə fəaliyyət göstərmiş milis lideri Fadi Saqr barəsində insanlığa qarşı cinayətlər və müharibə cinayətlərində iştiraka dair ittihamnamə hazırlayır. Bu barədə yüksək vəzifəli Suriya rəsmisinə istinadən “The Guardian” məlumat yayıb.

Məlumata görə, Milli Müdafiə Qüvvələrinin (NDF) keçmiş komandiri olan Saqr Dəməşqin Tadamon rayonunda və paytaxtın digər ərazilərində kütləvi qətllərdə, eləcə də mülki şəxslərin zorla yoxa çıxarılmasında ittiham olunur.

Keçid dövrü ədaləti və siyasi gərginlik

2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra yeni Suriya hökumətinin təhlükəsizlik məsələləri çərçivəsində Saqrlə əməkdaşlıq etməsi qurban ailələri arasında narazılığa səbəb olub. Qurbanlar onun məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Keçid Ədaləti üzrə Milli Komissiyanın vitse-prezidenti və Suriya Xarici İşlər Nazirliyinin müşaviri Zəhra əl-Bərazi bildirib ki, komissiya Saqr barəsində iş materiallarını hazırlamaq üçün qurbanlarla əməkdaşlıq edir.

“Biz həmçinin çoxsaylı sənədləşdirmə təşkilatları ilə işləyirik. O, müəyyən səbəblərə görə faydalı idi, amma artıq deyil. Heç kim qanundan üstün deyil”, – deyə o bildirib.

Komissiyanın rəsmi olaraq müstəqil qurum olduğu və toplanan materialları Suriya məhkəmə sisteminə təqdim edəcəyi qeyd olunub.

Tadamon qırğını və əvvəlki həbslər

Ötən həftə Suriya hakimiyyəti Tadamon qırğınının əsas icraçılarından biri hesab edilən Əmcəd Yusifi həbs edib. Onun ölkədən çıxarılan noutbukunda tapılan görüntülər 2013-cü ildə Tədamonda təxminən 300 mülki şəxsin öldürülməsini sənədləşdirib.

2022-ci ildə “The Guardian” həmin görüntülərin bir hissəsini yayımlamışdı. Kadrlarda mülki şəxslərin güllələnməsi, çuxura atılması və yandırılması əks olunurdu.

Bununla belə, yerli sakinlər Saqrın da daxil olduğu NDF üzvlərinin bu cinayətlərdə daha geniş rol oynadığını iddia edirlər.

Saqr ittihamları rədd edir

Fadi Saqr isə ittihamları qəbul etmir. O, “The Guardian”a verdiyi açıqlamada qırğınlar barədə yalnız mediadan xəbərdar olduğunu bildirib və məhkəmə prosesinə inandığını deyib.

“İnsanlığa qarşı cinayət törətdiyi sübut olunan hər kəs cəzalandırılmalıdır”, – deyə o əlavə edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş