EUCOM: ABŞ-nin Avropadakı hərbi qüvvələrinin sayı təxminən 80 min nəfərdir

2 Min Read

ABŞ-nin Avropa Komandanlığının (EUCOM) rəsmisi TASS agentliyinə bildirib ki, hazırda ABŞ-ın Avropada təxminən 80 min hərbçisi var, lakin bu göstərici və qüvvələrin tərkibi beynəlxalq vəziyyətdən asılı olaraq mütəmadi şəkildə yenidən qiymətləndirilir.

Rəsmi qeyd edib ki, Avropadakı əməliyyat mərkəzində təxminən 80 min ABŞ hərbçisi xidmət edir, onlardan təxminən 38 mini Almaniyada daimi və rotasiya əsasında yerləşdirilib.

Onun sözlərinə görə, bu qüvvələr Visbaden, Reyn-Pfalts, Ştutqart və Bavariya kimi bölgələrdə yerləşdirilib.

“Bu rəqəmlər demək olar ki, hər ay dəyişir. Bu, planlaşdırılmış təlimlər və qüvvələrin bölgəyə daxil olub-çıxması ilə bağlıdır”, – deyə EUCOM rəsmisi bildirib.

O əlavə edib ki, Vaşinqton bu mövzuda qərarları NATO tərəfdaşları ilə məsləhətləşmələr əsasında qəbul edir.

“Həmçinin kollektiv çəkindirmə və müdafiə mövqeyini təmin etmək üçün NATO müttəfiqləri ilə sıx koordinasiyada fəaliyyət göstəririk. Müttəfiqlərimiz də öz qüvvə və imkanları ilə bu sistemə töhfə verir”, – deyə o qeyd edib.

Xatırladaq ki, 29 apreldə ABŞ prezidenti Donald Tramp administrasiyanın Almaniyadakı ABŞ qoşunlarının sayının azaldılmasını nəzərdən keçirdiyini və bu barədə yaxın zamanda qərar veriləcəyini bildirmişdi. Daha sonra isə o, İtaliya və İspaniyada da oxşar addımların mümkün olduğunu qeyd etmişdi.

“Politico” nəşrinin məlumatına görə, bu bəyanatlar Pentaqon daxilində və müdafiə rəsmiləri arasında narahatlıq yaradıb. Üç ABŞ hərbi rəsmisi bildirib ki, hazırda müzakirələr “yüzlərlə, hətta minlərlə ABŞ hərbçisinin Almaniyadan çıxarılması” ehtimalı ətrafında gedir. Avropada ən böyük ABŞ hərbi kontingentinə məhz Almaniya ev sahibliyi edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş