“Sistemdə səhv”: Çin məhkəməsi süni intellekt adı ilə işdən çıxarılmalara sərt məhdudiyyət qoydu

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Çində məhkəmə işçinin süni intellektlə əvəz olunması səbəbilə işdən çıxarılmasını qanunsuz hesab edib və bu barədə mühüm qərar qəbul edib.

Məlumata görə, Hangzhou şəhərində yerləşən aralıq xalq məhkəməsi keyfiyyətə nəzarət üzrə mütəxəssisin işdən çıxarılmasını qanunsuz sayıb. İşəgötürən şirkət əməkdaşın funksiyalarını süni intellekt sistemlərinə həvalə edərək onun vəzifəsini aşağı salmaq və maaşını azaltmaq istəyib.

35 yaşlı işçi 2022-ci ildən şirkətdə çalışıb və 2025-ci ildə onun vəzifələrinin bir hissəsinin böyük dil modellərinə (LLM) ötürülməsi qərara alınıb. Şirkət ona daha aşağı vəzifə və maaşın 25 min yuandan 15 min yuana endirilməsini təklif edib.

Məhkəmə isə bildirib ki, avtomatlaşdırma biznesin strateji seçimi hesab olunur və bu, əmək müqaviləsinin birtərəfli qaydada pozulması üçün əsas yarada bilməz. Qərara əsasən, işəgötürən işçiyə alternativ vəzifə, yenidən təlim və ya uyğun maaşlı başqa iş təklif etməli idi.

Nəticədə şirkət işçiyə əvvəlki kompensasiyadan əlavə olaraq yüz minlərlə yuan məbləğində əlavə ödəniş etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, Çində bu cür qərarlar artıq presedent xarakteri almağa başlayıb və ölkədə süni intellektin əmək bazarına təsiri ilə bağlı narahatlıqlar artır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş