İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Tehranda İraq Ali Məhkəmə Şurasının rəhbəri Faiq Zeydan ilə görüşündə regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. “Tasnim” agentliyinin məlumatına görə, Qalibaf İsrailin münaqişəni Yaxın Şərqdəki digər ölkələrə yaymağa çalışdığını və İrana qələbə çalacağı təqdirdə növbəti hədəfin region dövlətləri olacağını bildirib.
Spiker ABŞ-ın İrana qarşı planlarının hərbi və siyasi müstəvidə uğursuzluğa düçar olduğunu vurğulayıb. O, koalisiya qüvvələrinin İraqın həm quru, həm də hava məkanından tam çıxarılması planını Bağdad üçün “tarixi şərəf” adlandırıb. Qalibaf əlavə edib ki, İran və İraq Fars körfəzi bölgəsində yeni regional nizamın formalaşmasında həlledici rol oynaya bilər.
Faiq Zeydan isə İraqın Tehranla həmrəyliyini və əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. O, region ölkələri arasında ittifaqların yaradılmasının təhlükəsizlik problemlərini həll edəcəyini və Bağdadın digər regional dövlətlərlə də tərəfdaşlığına zəmin yaradacağını qeyd edib.
İzmedia.az
![]()

