Zaxarova: ABŞ-nin diplomat uşaqlarına vətəndaşlıq verməsi təzyiq vasitəsidir

2 Min Read

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ Dövlət Departamentinin rusiyalı diplomatların övladlarına ABŞ vətəndaşlığının verilməsi siyasəti Rusiya diplomatik heyətinə təzyiq göstərmək üçün növbəti cəhddir.

O, “Vedomosti” qəzetində dərc olunmuş məqaləsində yazıb: “Bu cür uşaqlara ABŞ vətəndaşlığının birtərəfli qaydada verilməsi Vaşinqtona heyətimizə qarşı qeyri-qanuni təzyiq göstərmək üçün alət yarada bilər. Məsələn, yetkinlik yaşına çatmayanlar haqqında qanunvericilik və ya digər bəhanələrlə uşaqların ailələrindən ayrılması kimi hallar baş verə bilər. Biz bu cür nümunələrlə dəfələrlə qarşılaşmışıq”.

Zaxarova qeyd edib ki, diplomatik nümayəndəlik əməkdaşlarına qarşı hər hansı məcburi tədbirlər beynəlxalq hüquq normalarına və qəbul edən ölkənin yurisdiksiyasından toxunulmazlığı təmin edən ikitərəfli müqavilələrə ziddir.

Onun sözlərinə görə, konsulluq əməkdaşları ilə bağlı ABŞ tərəfi 1964-cü il Konsulluq Konvensiyasının müddəalarını rəhbər tutmalıdır. Bu sənəd 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyası ilə müqayisədə daha geniş toxunulmazlıqlar nəzərdə tutur.

Zaxarova vurğulayıb ki, 1964-cü il Konvensiyasının 24-cü maddəsinə əsasən, konsulluq vəzifəli şəxsləri, əməkdaşlar və onların ailə üzvləri bütün növ məcburi öhdəliklərdən azaddırlar.

Sözçü əlavə edib ki, bu konvensiyanın tətbiq olunduğu 60 ildən artıq müddətdə tərəflər onu belə şərh ediblər ki, qəbul edən dövlətin vətəndaşlığının diplomat və konsulluq əməkdaşlarının övladlarına zorla verilməsi istisna olunur. “Bu, yalnız hüquqi norma deyil, eyni zamanda formalaşmış praktikadır”, – deyə o bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş