İzmedia.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens ölkədə ərzaq yardımı proqramı ilə bağlı diqqətçəkən açıqlama verib.
Onun sözlərinə görə, 180 mindən çox vəfat etmiş şəxs hələ də SNAP ərzaq yardım proqramının siyahısında qalır və faktiki olaraq yardım alanlar kimi qeyd olunur.
Vens Ayova ştatında çıxışı zamanı bildirib ki, ümumilikdə 186 min ölmüş şəxs bu proqramdan yararlanırmış kimi sistemdə görünür. O, həmçinin qeyd edib ki, 355 mindən çox insan isə sistemdəki boşluqlardan istifadə edərək yardımı ikiqat şəkildə alır.
Vitse-prezident bu vəziyyətə son qoymaq niyyətində olduğunu vurğulayaraq bildirib: “Biz vəfat etmiş insanlara verilən ərzaq talonlarını dayandırmalıyıq.”
Onun sözlərinə görə, bu addımların məqsədi ehtiyacı olanlara deyil, sistemdən sui-istifadə edənlərə qarşı mübarizə aparmaqdır.
Vens əlavə edib ki, proqramdan istifadə edənlər arasında bahalı avtomobillərə, o cümlədən “Lamborghini” markalı maşınlara sahib şəxslər də var.
O qeyd edib ki, belə şəxslər dövlət yardımına ehtiyacı olmayan kateqoriyaya aiddir və gələcəkdə yardımın verilməsi meyarları yenidən nəzərdən keçiriləcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vensə ölkədə maliyyə və sosial yardım sahəsində saxtakarlığa qarşı mübarizəyə rəhbərlik etməyi tapşırıb.
![]()
