Lənkəranda “Çayımızın adı var” adlı festival keçirilib-FOTO

2 Min Read

Mayın 5-də Azərbaycanın zəngin çayçılıq ənənələrini gənclərə aşılamaq, milli dəyərləri təbliğ etmək, gənclərin kənd təsərrüfatına marağını və sosial fəallığını artırmaq, regionun mədəni irsinin yaşadılması və çayçılıq şöhrətinin artırılması məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, “Yaşıl çay” Fermer Təsərrüfatı, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara Regional Bölməsi, Respublikanın Gənclər evi Sosial Xidmət Müəssisələrinin, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, LARAN MMC-nin sponsorluğu ilə “Çayımızın adı var” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində qonaqlar “Yaşıl çay” Fermer Təsərrüfatında mövcud olan çay emalı qurğuları ilə və çay məhsullarının çeşidləri ilə tanış olublar. Eyni zamanda çayçılar üzrə mütəxəssislər gənclərlə birlikdə mövsümün ilk çay yığımına start veriblər. Bu simvolik başlanğıc həm ənənənin davamı, həm də gənclərin əməyə cəlb olunması, eyni zamanda kənd təsərrüfatı sahələrinə marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Cənub bölgəsinin folklor kollektivi ifasında milli musiqi nömrələri, xalq nəğmələri səsləndirilib, iştirakçılar üçün bayram əhvali-ruhiyyəsi yaradılıb, bununla yanaşı gənclər arasında çay yığımı marafonu təşkil edilib. Marafonun sonunda ən fəal və sürətli çay yığan gənc xanımlar müəyyən edilərək mükafatlandırılıb. Tədbir ölkədə fəaliyyət göstərən Gənclər evlərinin hazırladığı bədii proqramla davam etdirilib.

Azərbaycanın müxtəlif bölgələrindən gələn 20 nəfər gəncin iştirakı ilə ümumilikdə 61.3 kq çay yığılıb tədarük məntəqəsinə təhvil verilib.

Ucar Gənclər evinin könüllüsü Nəzrin Baxışova 5.8 kq çay yığaraq I yerin
Lənkəran Regional “ASAN xidmət” mərkəzinin könüllüsü Dinarə Məmmədova 4.9 kq çay yığaraq II yerin
Beyləqan Gənclər evinin könüllüsü Elmira Qəhrəmanlı 3.9 kq çay yığaraq III yerin qalibi olmuşdur.

Gənclər evlərinə tədbirdə fəal iştirak etdikləri üçün Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və “Yaşıl çay” Fermer Təsərrüfatı tərəfindən təşəkkürnamələr və hədiyyələr təqdim edilib. Digər marafon iştirakçıları da təşəkkünamə və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirdə 700 nəfər iştirak edib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş