İzmedia.az xəbər verir ki, Finlandiyanın “Helen” enerji şirkəti Helsinkidə yerləşən istilik-elektrik stansiyasında yanacaq kimi keşyu qozunun qabığından istifadə etməyə başlayıb. Əvvəllər sadəcə tullantı hesab edilən bu məhsul artıq istilik enerjisi istehsalında istifadə olunur və ilk xammal partiyası Kot-d’İvuardan Finlandiyaya çatdırılıb.
Finlandiyanın paytaxtını istilik və elektriklə təmin edən “Helen” şirkəti Afrikadan gətirilən tullantılara yeni istifadə sahəsi tapıb. Yerli medianın məlumatına görə, şirkət dünyanın ən böyük keşyu istehsalçılarından biri olan Kot-d’İvuardan bu qozların sərt qabıqlarını alaraq enerji istehsalında istifadə etməyə başlayıb.
Xammal daşıyan ilk gəmi aprelin sonunda Loviisa limanına çatıb və artıq bu yanacaq istilik-elektrik stansiyalarında istifadəyə hazırlanır. Şirkət nümayəndələrinin sözlərinə görə, qida sənayesinin bu əlavə məhsulunun hazırda enerji istehsalından başqa ciddi istifadə sahəsi yoxdur və iqtisadi baxımdan ənənəvi yanacaq növləri ilə rəqabət apara bilir.
Kimyəvi proses zamanı keşyu qabığından CNSL adlı xüsusi yağ əldə olunur. Bu maddə əyləc sistemləri, boya, hidroizolyasiya materialları və plastik istehsalında istifadə edilir.
Yağı çıxarıldıqdan sonra qalan qabıq biokütləyə çevrilir və xüsusi sobalarda yandırılır. Bu yanaşma həm Finlandiya enerji sektoruna sabit yanacaq mənbəyi verir, həm də Afrika istehsalçılarına əvvəllər tullantı sayılan məhsuldan gəlir əldə etməyə imkan yaradır.
Qeyd olunur ki, Finlandiya üçün müxtəlif tullantılardan enerji əldə etmək yeni deyil. Ölkə uzun illərdir xaricdən tullantı idxal edərək yandırma müəssisələrini işlək saxlayır. Xüsusilə Rusiyadan ağac yonqarı tədarükünün dayanmasından sonra alternativ yanacaq mənbələrinə ehtiyac daha da artıb.
Bundan əvvəl finlər eksperiment olaraq qəhvə çöküntüsündən hazırlanmış briketlərlə də evləri qızdırırdılar. İndi isə enerji sektorunda keşyu qabıqlarından istifadə edilir.
![]()
