İzmedia.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada 9 may – Qələbə Günü münasibətilə Rusiya diplomatik nümayəndəliyinin təşəbbüsü ilə geniş anım tədbirləri keçiriləcək. Şvarsenberq meydanındakı Sovet əsgəri memorialı önündə məşhur Akademik Rus Xalq Alətləri Orkestri çıxış edəcək.
Tədbirdən əvvəl “Ölməz Alay” (Bessmertniy polk) aksiyası da təşkil olunacaq. İştirakçılar Mariya Terezia meydanından Şvarsenberq meydanına qədər yürüş edərək İkinci Dünya müharibəsi veteranlarının portretlərini daşıyacaqlar.
Rusiya səfirliyinin məlumatına görə, tədbirlər yerli hakimiyyətlə razılaşdırılıb və təhlükəsizliyin təmin olunması üçün polis nəzarəti altında keçiriləcək.
Konsert proqramında 1945-ci ildə yaradılmış Akademik Rus Xalq Alətləri Orkestri klassik və vətənpərvərlik musiqiləri ifa edəcək. Təşkilatçılar tədbirin məqsədinin tarixi yaddaşın qorunması və İkinci Dünya müharibəsində SSRİ-nin rolunun xatırladılması olduğunu bildiriblər.
Bundan əvvəl də eyni memorialda “Qələbə nəğmələri” adlı konsert proqramı keçirilmişdi.
![]()
