Berlin kibertəxribatı leqallaşdırır: Alman kəşfiyyatına xaricdə hücum səlahiyyəti verilə bilər

Nərmin
2 Min Read

İzmedia.az xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt ölkənin xüsusi xidmət orqanlarını daha aktiv hücum imkanlarına malik qurumlara çevirməyi planlaşdırır. Yeni təşəbbüsə əsasən, Almaniya Federal Kəşfiyyat Xidməti (BND) və Konstitusiyanın Mühafizəsi İdarəsinə xaricdə kibertəxribat əməliyyatları aparmaq səlahiyyəti verilə bilər.

Bild nəşrinin məlumatına görə, söhbət passiv kəşfiyyatdan aktiv müdaxilə taktikasına keçiddən gedir. Dobrindt bildirib ki, məqsəd xüsusi xidmət orqanlarını daha çox məxfi məlumat toplaya və təhlükələrə dərhal reaksiya verə bilən güclü strukturlara çevirməkdir.

“Biz kəşfiyyat xidmətimizi həqiqi xüsusi xidmət orqanına çevirmək istəyirik”, — deyə nazir vurğulayıb.

İslahat çərçivəsində Almaniya agentlərinə əvvəllər qadağan sayılan kibersabotaj üsullarından istifadə etməyə icazə verilə bilər. Buraya düşmən serverlərinə kütləvi elektron sorğular və spam hücumları edərək rabitə sistemlərini çökdürmək, yəni DoS-hücumları təşkil etmək daxildir.

Bundan əlavə, Almaniya kəşfiyyatçıları hərbi texnikanı fiziki və ya proqram təminatı səviyyəsində sıradan çıxarmaq hüququ əldə edə bilərlər. Məsələn, pilotsuz uçuş aparatlarının detallarının texniki çertyojlarını dəyişdirmək və ya hərbi təyyarələrin proqram yenilənmələrinə mane olmaq kimi addımlar nəzərdə tutulur.

İslahatın digər mühüm hissəsi isə məxfi məlumatların saxlanma müddəti ilə bağlıdır. Hazırda terrorçular barədə məlumatların altı aydan sonra silinməsi tələb olunsa da, yeni qaydalar bu müddətin ciddi şəkildə artırılmasını nəzərdə tutur.

Nazirlik həmçinin ABŞ başda olmaqla xarici tərəfdaşlarla kəşfiyyat məlumatlarının mübadiləsində yarana biləcək problemlərdən də narahatdır. Dobrindt hesab edir ki, Almaniya “müasir hibrid təhdidlərə, casusluğa, sabotaja və kibercinayətlərə” qarşı mübarizədə xarici mənbələrdən asılı olmamalıdır.

Yeni planlara əsasən, Almaniya xüsusi xidmət orqanlarının xaricdə mobil cihazların izlənməsi və dinlənilməsi imkanlarının da genişləndirilməsi nəzərdə tutulur.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş