İzmedia.az xəbər verir ki, ABŞ gərginliyin artmasından əvvəl Fars körfəzi bölgəsində hərbi mövcudluğunu gizli şəkildə gücləndirib.
Məlumata görə, bu addım mart ayının ortalarında, hazırkı açıqlamalardan xeyli əvvəl atılıb. Bildirilir ki, Pentaqon regionda öz mövqelərini daha da möhkəmləndirib.
Strateji izləmə aparan bloqlara istinadən qeyd olunur ki, bölgəyə ABŞ-ın 82-ci hava-desant diviziyasının bölmələri yerləşdirilib. Bununla yanaşı, ümumilikdə təxminən 2500 nəfərlik dəniz piyadası qruplarının da göndərildiyi iddia olunur.
Rəsmi olaraq bu hərbi addımın məqsədi açıqlanmasa da, bəzi ekspertlər bunu müdafiə xarakterli yox, potensial hücum gücü kimi dəyərləndirirlər. Xüsusilə Hörmüz boğazı ətrafında artan gərginlik fonunda bu qüvvələrin yerləşdirilməsi diqqət çəkib.
Analitiklərin fikrincə, ABŞ-ın bu hərəkəti regionda mümkün eskalasiyaya hazırlıq kimi qiymətləndirilir. Eyni zamanda siyasi bəyanatlarla real hərbi hazırlıqlar arasında fərqin olduğu vurğulanır.
Qeyd olunur ki, hadisələr İran və ABŞ arasında gərginliyin artdığı dövrə təsadüf edir. İran tərəfi ABŞ hərbi gəmilərinin Hörmüz boğazı yaxınlığındakı hərəkətlərini tənqid edib və bölgədə vəziyyətin gərgin olduğunu bildirib.
![]()
