İzmedia.az xəbər verir ki, Avropa Birliyinin (AB) aviasiya təhlükəsizliyi qurumu Orta Şərqdəki böhran səbəbilə aviasiya sektorunda istifadə olunan yanacaq növü ilə bağlı yeni təhlükəsizlik tövsiyələri yayımlayıb.
Köln şəhərində yerləşən European Union Aviation Safety Agency (EASA) bildirib ki, Orta Şərq və Fars körfəzindəki vəziyyət Avropada geniş istifadə edilən Jet A-1 tipli aviasiya yanacağının tədarükünü çətinləşdirə bilər.
Qurumun məlumatına görə, yaranan risklər səbəbindən Jet A-1 əvəzinə Jet A tipli yanacağın istifadəsi gündəmə gəlib. Hazırda Jet A əsasən Şimali Amerikada istifadə olunur, lakin Avropada da bəzi hallarda tətbiq edilə bilər.
EASA xəbərdarlıq edib ki, iki yanacaq növü arasında xüsusilə donma temperaturu kimi texniki fərqlər mövcuddur və bu fərqlərin uçuş təhlükəsizliyinə təsir etməməsi üçün ciddi idarəetmə tələb olunur.
Avropa Komissiyası isə aviasiya sektoruna dair yeni kılavuz yayımlayaraq yanacaq çatışmazlığının təsirlərini azaltmaq üçün mövcud qaydalardakı çevik imkanları açıqlayıb. Sənəddə sərnişin hüquqları, reys ləğvləri, kompensasiya qaydaları və hava limanı slot istifadəsi kimi məsələlər izah edilib.
Bildirilib ki, sərnişinlər reys ləğv olunduqda biletin geri qaytarılması və alternativ uçuşla təmin olunma hüququna malikdirlər. Lakin hava yolu şirkətləri yalnız fövqəladə və nəzarətdən kənar vəziyyət sübut olunduqda kompensasiya öhdəliyindən azad edilə bilər.
International Air Transport Association (IATA) da vəziyyətlə bağlı açıqlama verərək Orta Şərqdəki gərginliyin davam etməsi halında qlobal yanacaq çatışmazlığı riskinin yarana biləcəyini bildirib.
Təşkilatın nümayəndəsi Stuart Fox qeyd edib ki, Avropada Jet A və Jet A-1 yanacaqları arasında keçid imkanlarının artırılması sektora çeviklik qazandıra bilər.
Məlumata görə, Orta Şərqdəki münaqişələr və Hörmüz boğazında daşımaların çətinləşməsi nəticəsində Avropada yanacaq qiymətləri kəskin artıb, xüsusilə jet yanacağı qiymətləri ötən illə müqayisədə iki dəfədən çox yüksəlib.
Bəzi hava yolu şirkətləri artıq uçuşların ixtisarı və ləğvi barədə qərarlar qəbul etməyə başlayıb. Avropanın aparıcı aviaşirkətləri artan xərclər və yanacaq böhranı səbəbilə əməliyyatlarını yenidən planlaşdırmaq məcburiyyətində qalıb.
![]()
