Bütün Gürcüstanın yeni Patriarxı III Şionun təntənəli taxta çıxma mərasimi Mtsxetadakı Svetitsxoveli kafedralında keçirilib. Bununla da o, rəsmi olaraq patriarxal taxta sahib olub.
Mərasim zamanı məbəddə yunan dilindən tərcümədə “layiqli” mənasını verən “Axios” ifadəsi səsləndirilib.
Mayın 11-də Tbilisidə yerləşən Tsminda Sameba (Müqəddəs Üçlük) kafedralında Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş iclası keçirilib. Sinodun 39 üzvünün iştirak etdiyi səsvermədə Senaki və Xoroştsu yeparxiyalarının 57 yaşlı mitropoliti Şio (Muciri) yeni patriarx seçilib.
Məlumata görə, o, martın 17-də vəfat edən Patriarx II İliyanın yaxın din xadimlərindən biri olub. Şio səsvermədə 22 səs toplayaraq Gürcüstan Patriarxı seçilib.
İzmedia.az
![]()

