İzmedia.az xəbər verir ki, Tuva Respublikasında meşə yanğınları sürətlə genişlənir və vəziyyət getdikcə daha da gərginləşir.
Son sutka ərzində regionda yanğın sahəsi təxminən 400 hektar artaraq ümumilikdə 2959 hektara çatıb. Hazırda respublikanın 6 meşə təsərrüfatı ərazisində 7 aktiv yanğın ocağı qeydə alınıb.
Ən kritik vəziyyət Çadan meşə təsərrüfatı ərazisindədir — burada təxminən 1000 hektar tayqa yanır. Yanğınların sürətlə yayılmasına quru və küləkli hava şəraiti ciddi təsir göstərir.
Yanğınlarla mübarizəyə 400-dən çox insan — FHN əməkdaşları, regional meşə aviasiya xidmətləri və yerli könüllülər cəlb olunub. Tuva rəhbəri Vladislav Xovalıq bildirib ki, qonşu Xakasiya Respublikasından da əlavə yanğınsöndürən qüvvələr cəlb edilib. Fövqəladə vəziyyətdə çalışanlara isti yemək və su təmin olunur.
Sinoptiklərin proqnozuna görə, yalnız 10–11 may tarixlərində yağıntıların olması gözlənilir ki, bu da vəziyyəti bir qədər yüngülləşdirə bilər. Buna baxmayaraq, yerli hakimiyyət yanğınların söndürülməsi üçün qüvvələri artırmağa davam edir.
Hazırda regionda meşə yanğınları səbəbilə fövqəladə vəziyyət rejimi qüvvədədir. Temperaturun +25°C-yə qədər yüksəlməsi və saniyədə 20 metrə çatan güclü küləklər yanğın riskini maksimum səviyyəyə çatdırıb.
Əsas məqsəd alovun yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq və yanğınların meşə zonasında lokallaşdırılmasıdır.
![]()
