İsrailin “Calcalist” qəzetinin məlumatına görə, ölkənin əsas beynəlxalq hava limanı olan Ben Qurionda ABŞ hərbi təyyarələrinin kütləvi yerləşdirilməsi hava limanının tam fəaliyyət göstərməsinə ciddi maneələr yaradır. Bu barədə İsrail Mülki Aviasiya İdarəsinin direktoru Şmuel Zakkay xəbərdarlıq edib.
Məlumata əsasən, Zakkay nəqliyyat naziri Miri Regevə göndərdiyi məktubda Ben Qurion hava limanında çoxlu sayda Amerika hərbi təyyarəsinin yerləşdiyini və bunun İsrail aviaşirkətlərinin fəaliyyətinə, eləcə də ölkənin aviasiya sektoruna ciddi zərər vurduğunu bildirib.
Onun fikrincə, Ben Qurion hava limanının faktiki olaraq Amerika hərbi bazasına çevrilməsi xarici aviaşirkətlərin fəaliyyətinə də mənfi təsir göstərir.
Şmuel Zakkay məktubunda qeyd edib ki, fevralın 28-də İrana qarşı başladılan “Aslanın nəriltisi” əməliyyatının ilk günlərində İsrail aviaşirkətləri öz təyyarələrini ölkədən çıxarmağa məcbur olub və onların bir hissəsi hələ də geri qayıtmayıb.
“Müdafiə Nazirliyi mülki aviasiyaya dəyən ziyanın miqyasını və uçuş sayının azalmasının qiymətlərə təsirini kifayət qədər anlamır. Hazırkı vəziyyətdə İsrailin tam fəaliyyət göstərən beynəlxalq hava limanı yoxdur və Ben Qurion məhdud mülki fəaliyyət göstərən hərbi obyektə çevrilib”, – deyə məktubda bildirilir.
Qəzetin yazdığına görə, Mülki Aviasiya İdarəsinin rəhbəri nəqliyyat nazirindən ABŞ hərbi təyyarələrinin Ben Qurion hava limanından hərbi aerodromlara köçürülməsi üçün tədbirlər görülməsini istəyib.
İzmedia.az
![]()

