“The Independent” qəzetinin iyunun 10-da dərc etdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası İsraillə əməliyyat və kəşfiyyat məlumatlarının mübadiləsini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Nəşr yazır ki, ABŞ İsraillə müdafiə və kəşfiyyat sahələrində əməkdaşlığı daha da dərinləşdirəcək qanun layihəsi üzərində işləyir. Bildirilir ki, bu təşəbbüs ingilisdilli ölkələrin məşhur “Beş Göz” (“Five Eyes”) kəşfiyyat alyansının imkanlarını belə kölgədə qoya bilər.
Qanun layihəsinin əsas müddəalarından biri ABŞ və İsrailin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsini nəzərdə tutur. Bu isə İsrailə ABŞ kəşfiyyat icmasının saxladığı ən məxfi məlumatlara çıxış əldə etmək imkanı yarada bilər.
ABŞ-ın Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniya ilə birlikdə “Five Eyes” kəşfiyyat alyansının üzvü olduğu nəzərə alınarsa, İsrailin dolayısı ilə həmin ölkələrin xüsusi xidmət orqanlarından əldə olunan məlumatlardan da yararlanmaq imkanı qazana biləcəyi bildirilir.
“The Independent” qeyd edir ki, bu təşəbbüs həyata keçirilərsə, ABŞ və onun müttəfiqlərinin mühüm kəşfiyyat məlumatları İsrail xüsusi xidmət orqanlarının istifadəsi üçün daha əlçatan olacaq.
İzmedia.az
![]()

