Trampa sui-qəsddə ittiham olunan şəxs məhkəmədə günahını qəbul etmədi

Nərmin
2 Min Read

izmedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Trumpa qarşı sui-qəsd cəhdində ittiham olunan 31 yaşlı Kaliforniya sakini Cole Thomas Allen məhkəmədə özünü təqsirli bilmədiyini açıqlayıb.

Vaşinqton federal məhkəməsində keçirilən iclas zamanı Allen vəkili vasitəsilə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. O, susmaq hüququndan istifadə edərək birbaşa ifadə verməyib.

Hadisə aprelin 25-də Vaşinqtondakı Washington Hilton otelində Ağ Ev müxbirləri assosiasiyasının illik tədbiri zamanı baş verib. İstintaqın məlumatına görə, Allen tədbirə 12 kalibrli ov tüfəngi və yarımavtomatik tapança keçirə bilib.

Bildirilir ki, o, təhlükəsizlik kordonunu yarmağa çalışarkən Məxfi Xidmət əməkdaşına atəş açıb. Güllə agentin zirehli jiletinə tuş gəldiyi üçün o sağ qalıb və cavab atəşi açıb. Bundan sonra prezident və vitse-prezident təcili şəkildə ərazidən uzaqlaşdırılıb, şübhəli isə hadisə yerində saxlanılıb.

Prokurorluq Allenin hücumu əvvəlcədən planlaşdırdığını iddia edir. Onun tədbirdən bir neçə həftə əvvəl həmin oteldə otaq bron etdiyi və prezidentin hərəkətlərini izlədiyi bildirilir.

İstintaq zamanı məlum olub ki, Allen hadisədən öncə yaxınlarına məktublar və motivlərini izah etdiyi ehtimal edilən manifest göndərib.

Hazırda o, prezidentə sui-qəsd cəhdi, federal əməkdaşa hücum və silah dövriyyəsi qaydalarını pozmaq ittihamları ilə üzləşir. Bu maddələr üzrə maksimum cəza ömürlük həbs ola bilər.

Məhkəmə prosesi qalmaqallı şəkildə davam edir. Müdafiə tərəfi işə baxan prokurorların tədbirdə iştirak etdiyini və potensial zərərçəkmiş sayıldıqlarını əsas gətirərək onların işdən uzaqlaşdırılmasını tələb edib. Növbəti məhkəmə iclasının iyunun sonunda keçirilməsi planlaşdırılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş