Avstraliyanın müdafiə naziri Riçard Marles çərşənbə günü bildirib ki, ölkəsi Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək məqsədilə Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi müdafiə missiyasına qoşulacaq.
Marles açıqlamasında qeyd edib ki, “Avstraliya, Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi müstəqil və ciddi müdafiə xarakterli çoxmillətli hərbi missiya yaradıldıqdan sonra onu dəstəkləməyə hazırdır”.
Nazir əlavə edib ki, Avstraliya artıq bölgədə yerləşdirilmiş “Wedgetail E-7A” uzun mənzilli radar aşkarlama və idarəetmə təyyarəsini (AWACS) təqdim edəcək. Təyyarənin əsas məqsədi Birləşmiş Ərəb Əmirliklərini İran dronlarının mümkün hücumlarından qorumaqdır.
Apreldə Londonda keçirilən və 44-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi iki günlük görüş zamanı hərbi planlaşdırıcılar Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi çoxmillətli missiyanın praktiki tərəflərini müzakirə ediblər.
Məlumata görə, artıq 40-a yaxın ölkə bu missiyada iştirak etməyə razılıq verib.
Ötən çərşənbə günü Fransa Silahlı Qüvvələri Nazirliyi “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Fransa zərbə qrupunun Yaxın Şərqə doğru hərəkət etdiyini açıqlayıb. Bildirilib ki, məqsəd Hörmüz boğazında naviqasiya azadlığının təmin olunmasına yönəlmiş gələcək missiyaya hazırlıqdır.
Böyük Britaniya Müdafiə Nazirliyi isə Kral Donanmasına məxsus HMS Dragon gəmisinin beynəlxalq əməliyyatda iştirak etmək üçün Yaxın Şərqə göndəriləcəyini bəyan edib.
İzmedia.az
![]()

