izmedia.az xəbər verir ki, İsrail ordusu atəşkəsə baxmayaraq Livanın cənubundakı dörd bölgəyə hava hücumları həyata keçirib. Hücumlar nəticəsində azı 15 nəfərin həyatını itirdiyi bildirilib.
Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Nebatiyyə vilayətinə edilən hücumlarda 2-si tibb işçisi olmaqla 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Cəbşit qəsəbəsinə təşkil olunan hava zərbəsi zamanı biri hərbçi olmaqla 4 nəfərin öldüyü qeyd edilib. Bint Cubeyl rayonunun Kefer Dunin bölgəsində həyata keçirilən hücumda isə 1-i uşaq olmaqla 4 nəfər həyatını itirib.
Livanın rəsmi NNA agentliyi Deyr Zehrani bölgəsinə endirilən hava zərbəsi nəticəsində daha 2 nəfərin öldüyünü açıqlayıb.
Bu arada Hizbullah yaydığı bəyanatda İsrailin atəşkəsi pozmasına cavab olaraq Livanın cənubundakı işğal altındakı ərazilərdə İsrail ordusuna qarşı hücumlar həyata keçirdiyini bildirib.
Açıqlamada Hula, Bayyada, Deyr Suryan, Hırbet Menara, Teyr Harfa, Tayba, Reşaf, Nakura və Abbad bölgələrində ümumilikdə 25 hücum təşkil olunduğu qeyd edilib.
Hizbullah İsrail ordusuna məxsus Merkava tankları, Hummer tipli hərbi avtomobillər, rabitə sistemləri və pilotsuz uçuş aparatlarının siqnal qarışdırıcı sistemlərinin raketlər, artilleriya atəşi və kamikadze PUA-larla hədəf alındığını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu 2 mart tarixində Livana qarşı genişmiqyaslı hava hücumlarına başlamışdı. ABŞ prezidenti Donald Tramp isə 24 apreldə İsrail və Livan arasında qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha 3 həftə uzadıldığını bildirmişdi.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2 martdan bu günə qədər davam edən İsrail hücumlarında 2 min 880-dən çox insan həyatını itirib.
![]()
