izmedia.az xəbər verir ki, Almaniyanın keçmiş Bundestaq deputatı Klaus Ernst Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın Rusiya ilə danışıqlarda Almaniyanın sabiq kansleri Gerhard Schröderin namizədliyini rədd etməsini sərt tənqid edib.
Ernst bildirib ki, Şröderin uzun illərə söykənən siyasi təcrübəsi və Moskva ilə əlaqələri danışıqlar prosesinə müsbət təsir göstərə bilərdi. Onun sözlərinə görə, Avropa İttifaqının bəzi rəsmiləri diplomatik həll yolundan daha çox gərginliyin davam etməsində maraqlıdırlar.
Siyasətçi Brüsselin ciddi danışıqlardan kənarda qalmasını “utancverici vəziyyət” kimi qiymətləndirib.
Məlumata görə, Vladimir Putin daha əvvəl Şröderin Avropa üçün uyğun danışıqlar aparıcısı ola biləcəyini bildirmişdi. Bununla yanaşı, Rusiya lideri vurğulayıb ki, danışıqlar aparacaq şəxsi seçmək Avropa İttifaqının öz qərarıdır.
Qeyd edək ki, Kaja Kallas isə Şröderin namizədliyinə qarşı çıxaraq, özü də danışıqlarda Avropa İttifaqını təmsil edə biləcəyini bəyan edib.
![]()
